add image

Qafqazın ən böyük kolbasa-sosis istehsalçısı olan «Səhliyalı» şirkəti fəaliyyətə 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi başlayıb. Növbəti üç il ərzində isə şirkətin tərkibində bir neçə kolbasa növü istehsal edilən ilk ət məhsulları sexi yaradılıb. Hələ həmin dövrdə ilk növbədə kolbasa məmulatlarının keyfiyyətinə və fərqliliyinə diqqət yetirilirdi.

İllər keçdikcə bazar inkişaf etdi, istehsal olunan ət məmulatlarının çeşidi genişləndi, şirkətin məhsulları istehlakçıların etimadını qazandı. Lakin iş bununla bitmir, şirkətdən daim inkişaf tələb olunurdu, lakin köhnəlmiş texnologiyalarla buna nail olmaq çox çətin idi. Buna görə həmin dövrdə şirkət rəhbərliyi avadanlığın modernləşdirilməsini və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını əsas prioritet kimi müəyyən etdi və həmin dövr üçün ən modern avadanlıqlar hesab edilən texnikalar ölkəyə gətirildi və istehsal həmin texnikalar əsasında modernləşdirildi.

 

2009-cu ildə Xırdalan yaxınlığında iki istehsal xətti olan, ətin emalından, kolbasa və delikateslərin buraxılmasından tutmuş, konkret istehlakçının sifarişinə uyğun hazır məhsulun yüklənməsinə qədər bütün emal prosesini müstəqil həyata keçirən, tamamilə yeni müəssisə tikildi.

Avstriyanın aparıcı istehsalçısı «SCHALLER» texnoloji kompleksinə əsaslanan, gigiyenanın ən yüksək tələblərini və ciddi laboratoriya ekspertizasını özündə cəmləyən  «Səhliyalı» bazarın liderinə çevrildi. Şirkətin bütün aparıcı mütəxəssisləri Avropada tam təkrar hazırlıq keçdilər. Məhsullar tam rebrendinqə məruz qaldı, malların qablaşdırılması və dizaynını dəyişməklə bərabər, dad keyfiyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıldı.

 Şirkət gün ərzində tələbata uyğun olaraq orta hesabla 5 tona qədər kolbasa istehsal edir və bu məhsullar şəhərin bütün marketlərinə, həmçinin bölgələrə də paylanılır. Qeyd etmək lazımdır ki, müəssisənin öz yardımçı təsərrüfatı da var. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkənin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Orada saxlanılan heyvanların həm südündən istifadə edilir, həm də şirkət ət tədarükünü bu heyvanlar vasitəsilə təmin edir. Həmçinin digər bölgələrdən, qonşu ölkələrdən belə diri heyvanlar gətirilir.

Şirkətin istehsal prosesinə əvvəllər bir neçə qurum nəzarət edirdisə, Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra istifadə edilən ətin keyfiyyətinə nəzarət ixtisaslaşmış bu qurum tərəfindən ikiqat artıb. Belə ki,  canlı heyvanı ilk olaraq Qida Təhlükəsizliyi Agentliyinin şirkətdə çalışan baytar həkimi qəbul edərək, sağlamlığına baxış keçirir. Bu mərhələdən keçən heyvanın kəsildikdən sonra əti təkrarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır. Yalnız bundan sonra şirkətin öz laboratoriyasına aparılır.

Kəsim sexində döşəmə Avropa istehsalı olan xüsusi materialdan hazırlanıb, antibakteriolojidir. Divarlar və tavan xüsusi materialdandır. Bu ona görə belədir ki, heç bir mikrob, bakteriya hansısa küncdə, dəlikdə ilişib qalmasın.Kəsim sexi alman texnologiyası ilə qurulub.

Şirkətin istehsalat sahəsində çalışanlar hər gün səhər yoxlanılır. Onlar içəriyə telefon və ya digər əşyalar keçirə bilmirlər. Həmçinin içəriyə daxil olan və içəridən çıxan hər bir kəsin əlləri, ayaqları dezinfeksiya olunur. Bu prosesdən keçməsən, turniket açılmır və içəridən çölə çıxa, çöldəsənsə içəriyə daxil ola bilmirsən.

Onu da əlavə edək ki, “Səhliyalı” müəssisəsi artıq holdinq kimi fəaliyyət göstərir. Yəni burada 4 müxtəlif sex fəaliyyətdədir. Bunlardan biri kəsim və yarımfabrikatlar sexidir. Burada iri və xırda buynuzlu mal-qaraların kəsimi baş verir. Eyni zamanda çiy və bişmiş dönər istehsal edilir. Müəssisədə iki kolbasa sexi var. Onların  istehsal yerlərindən tutmuş sexləri, cihazları, qablaşdırması, hətta giriş-çıxış qapısı belə ayrıdır. Bu müəssisələrin birində istehsal qaydalara uyğun, halal məhsul dediyimiz kolbasalar, digərində isə köhnə standartlara uyğun donuz əti ilə qarışığı olan kolbasalar istehsal edilir. 4-cü zavodda isə süd məhsulları istehsal edilir. Həmçinin bir çox köməkçi sahələr də var ki, orada etiket, qablaşma məmulatları istehsal olunur.

Eyni zamanda zavodda dezinseksiya prosesi də aparılır. Yəni uçan, yeriyən həşəratların zavod ərazisinə daxil olmasına imkan verilmir. Bununla bağlı şirkətin müvafiq idarələrlə xüsusi müqavilələri var ki, onlar gəlib işlərini görürlər.

İstehsal edilən bişmiş və hisə verilmiş kolbasaların hər biri ayrı-ayrılıqda 72 dərəcə temperaturda bişirilir:

72 dərəcədə artıq bütün bakteriyalar məhv olur. Ona görə də insanlar kolbasaları asanlıqla isitmədən, bişirmədən yeyə bilərlər. Eyni zamanda bu, sosislər üçün də keçərlidir.

Müəssisə bundan başqa ”Banuçiçək" brendi altında uşaq kolbasa və sosisləri istehsal edir. Bu məhsulların tərkibində duz və digər maddələr 50 faiz az olur.

Sonda onu da qeyd edək ki, şirkətdə 600-dən çox  əməkdaş çalışır və onların rahat işləməsi, istirahəti, qidalanması üçün hər bir şərait yaradılıb. Müəssisə daxilində bir neçə yeməkxana mövcuddur. Burada eyni anda 100-ə yaxın işçi yemək yeyə bilir.

 

Top